KGB sifətli

Qənimət Zahid

Eldar Mahmudov nələri bilmir və nələri bilmədiyinə görə bu səhvlərə yol verir?

(Bu yazı, 2005- ci ildə, Eldar Mahmudov yenicə nazir təyin edildiyi zamanlarda yazılıb və «Azadlıq» qəzetində dərc edilib. O vaxt, MTN bir əməliyyat keçirib Ramiz Tağıyevi həbs etmişdi. Əslində yazı sadəcə Ramiz Tağıyevin həbsi ilə bağlı yox, yeni nazirin qəbul etdiyi iş tərzi ilə bağlıydı. Həmin vaxt hakimiyyət mətbuatı, rəsmi qəzetlər məni yıxıb- sürümüşdülər ki, «sən kimsən, generala məsləhət verirsən» və bu «sən kimsən?! » də xeyli təhqiramiz notlarla ifadə edilmişdi. Zaman bizim düz olduğumuzu, İlham Əliyevin isə OBXSS əməliyyatçısını kəşfiyyat naziri qoymaqla necə səhv etdiyini sübut etdi. Diqqətinizə ona görə təqdim edirəm ki, bu günlərdə həmin kəşfiyyat nazirinin sağ əlinin- general Çovdarovun real, özünün isə virtual mühakiməsinin yeni raundu başlayır… )

MTN şefinə professional tövsiyyələr

Eldar Mahmudovun şəxsi keyfiyyətləri ilə işim yoxdur. Peşəkarlıq səviyyəsi də məni maraqlandırmaz. Zatən MTN «KGB- ləşəndən» sonra bu İdarə ilə hər hansı Azərbaycan vətəndaşının ünsiyyətini təhlükəli saymaq üçün ciddi əsaslar var. Amma hörmətli nazirə hər şeydən əvvəl MTN-in mahiyyəti, dünyanın nüfuzlu xüsusi xidmət orqanlarının iş prinsipləri və prioritetləri barədə bir neçə qiymətli tövsiyyələri çatdırmaq istəyirəm.

Azərbaycanı mədəni dövlət kimi təqdim edirlər, biz də belə hesab edirik

Cənab nazir bilməlidir ki, istənilən mədəni ölkədə xüsusi xidmət orqanlarının fəaliyyəti vətəndaşların etimadı üzərində qurulur. Doğrudur, Azərbaycan hakimiyyətinin mənəvi- siyasi göstəricilərinə görə iddia etmək çətindir ki, Azərbaycan da mədəni dövlətdir, amma hər halda dövlətin rəsmən bəyan etdiyi xarici və daxili siyasət doktrinasına əsasən Azərbaycanı mədəni dövlət kimi qeydə almaq lazım gəlir. Nazir vəzifəsinə təyin ediləndən sonra bir sıra xarici ölkələrdə, o cümlədən, ABŞ-da rəsmi dəvət əsasında səfərlərdə olan Eldar Mahmudov bu incəlikləri bilməmiş olmaz. Tamamilə mümkündür ki, Eldar Mahmudovun həmin səfərləri tam başqa protokol mövzularının müzakirəsi ilə müşayiət olunub və bu məsələləri bilmir. Amma hər halda, nə zamansa öyrənməsi gərəkdir.

Polis və MTN fərqli qurumlardır: bunları qarışdırmayın!

Cənab nazir bilməlidir ki, yalnız ən mədəniyyətsiz totalitar rejimlərin xüsusi xidmət orqanları siyasi hakimiyyətin əlində repressiya aləti kimi istifadə edilir və bu baxımdan, Azərbaycanı həmin ölkələrin sırasına daxil etmək lazım deyil. Tamamilə mümkündür ki, Eldar Mahmudov Hitler Almaniyasının, Stalin Rusiyasının, Kastro Kubasının ən azı, Lukaşenko Belarusiyasının, molla İranının xüsusi xidmət orqanlarının iş təcrübəsini yerli- yataqlı təsvir edən bədii və ya sənədli əsərləri oxuyub və həmin əsərlərin təsiri altındadır. Bu halda Eldar Mahmudova məsləhət görmək lazımdır ki, məsələn, ingilis detektivlərini daha çox mütaliə etsin. Qulaq asmasa, eybi yoxdur, başlıcası budur ki, məsləhət sahibləri vicdan əzabından xilas ola bilərlər. Cənab nazir bilməlidir ki, xüsusi xidmət orqanları yalnız güc strukturu deyil və bir çox parametrlərinə görə, ümumiyyətlə güc strukturu deyil. Əksər parametrlərinə görə xüsusi xidmət orqanı ağlın və zəkanın, həm də intuitiv təsəvvürlər əsasında deyil, quru, hərtərəfli, bütün situasiyalar üzrə vəziyyəti aydın təsəvvür etməyə imkan verən informasiyaların əsasında qurulan əqli nəticələrin çıxarılmalı olduğu iş sahəsidir. Şübhə etmirəm ki, Eldar Mahmudov polis və xüsusi xidmət orqanı deyilən struktur haqqında təsəvvürlərini üst- üstə qoyub, amma bunlar tamamilə fərqli sahələrdir. Əgər polis gerçək cinayət faktlarını araşdırıb gerçək cinayətkarları ədalət mühakiməsinə təqdim etmək sahəsində ixtisaslaşıbsa, xüsusi xidmət orqanları potensial və hələ gerçəkləşməmiş cinayət hadisələri haqqında informasiyalar toplayıb ictimai profilaktik tədbirlərin həyata keçirilməsi üçün yaradılmış bir xidmət sahəsidir. Buna görə də, peşəkar polis nəfəri ilə xüsusi xidmət orqanı əməkdaşının hətta şəxsi psixoloji keyfiyyətləri arasında belə ciddi fərqlərin olduğunu nəzərə almaq lazımdır. Cənab nazir bilməlidir ki, polis orqanları ictimai birgəyaşayış qaydalarının, milli təhlükəsizlik qurumu isə, millətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün qurulur. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi də, eyni qayda əsasında, yəni, Azərbaycan dövlətinin təhlükəsizliyinə xələl gətirə biləcək tendensiyaların qarşısının alınması sahəsində işləməlidir. Çox təəssüf kiI, Eldar Mahmudovun fəaliyyətində bu zərif moment duyulmur. Yəni, Eldar Mahmudov Milli Təhlükəsizlik naziri olaraq, Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasını vurmaqla məşğuldur. Mədəni və publisistik dildə, buna «təxribat» deyirlər. Jarqonla ifadə etməzdim.

MTN sosial tullantıların yeri olmamalıdır

Cənab nazir bilməlidir ki, Milli Təhlükəsizlik Nazirliyi ölkənin daxili siyasətinin rəsmən elan edilmiş prioritetlərinin sosial- hüquqi təminatının qayğısına qalmalıdır. Bu o deməkdir ki, Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan vətəndaşının Konstutisyon, qanunlarla təsbit edilmiş hüquqlar çərçivəsində formalaşan psixoloji keyfiyyətlərinin möhkəmləndirilməsi üçün davamlı işlər görməlidir. Yəni, Azərbaycan vətəndaşı dövlətin mənbəyidir, buna görə də dövlət üçün ən şərəfli sosial- siyasi varlıqdır. Yəni, Azərbaycan vətəndaşı dövlət üçün ən qiymətli milli sərvətdir. Yəni, Azərbaycan vətəndaşının özü və hüquqları Azərbaycanın milli təhlükəsizlik xidməti üçün ən müqəddəs prioritetdir. Hörmətli Eldar Mahmudov bu məsələləri ya bilmir, ya da, sadəcə olaraq, şüurlu şəkildə qanunları pozur, qaydalara isə tüpürmək belə istəmir. Qanunları pozmaq və kriminal ünsürlərin, qaydalara hörmətsizlik isə sosial tullantıların işidir və mən Azərbaycanın Milli Təhlükəsizlik nazirini hər iki hal üzrə ittiham etməkdə maraqlı deyiləm. Çünki, o da bizim hər birimiz kimi Azərbaycan vətəndaşıdır, bu ölkədə və dünyanın bütün başqa ölkələrində Azərbaycan vətəndaşı üçün tələb olunan münasibətlərin onun üçün də tələb olunması zəruridir.

Hakimiyyətin mənbəyinə xəyanət etməyin

Cənab Milli Təhlükəsizlik naziri bilməlidir ki, Azərbaycanda hakimiyyətin mənbəyi Əliyevlər ailəsi yox, Azərbaycan xalqıdır. Elə bu sadə həqiqətə görə də hörmətli Eldar Mahmudov, yəni, Azərbaycan Milli Təhlükəsizlik naziri hakimiyyət ailəsinin intriqalarına yox, Azərbaycan xalqının mənafelərinə qulluq etməlidir. Çox təəssüf ki, bu, görükmür və «Hilalgeyt əməliyyatının» ifşa edilməsindən sonra MTN-in adından yayılmış bəyanatda Eldar Mahmudov Azərbaycan xalqına deyil, Əliyevlər mafiyasına xidmət etdiyini ortalığa qoyub. Ən azı, MTN-in bəyanatında əks olunmalı idi ki, bu İdarə bu problemi araşdırmaq üçün konkret tədbirlər görəcək, yaxud da, böhtan atıldığına görə Azərbaycan vətəndaşı Ramiz Tağıyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün təşəbbüs qaldıracaq. Amma Eldar Mahmudovun İdarəsi tərsinə yol tutaraq, Ramiz Tağıyevin söylədiklərini « cəfəngiyyat » adlandırmaqla kifayətlənib, hətta ola bilsin, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan vətəndaşı olan Ramiz Tağıyevdən qisas almaq üçün yeni düşük əməliyyat planlarını müzakirə edir. Ola bilsin, təkcə Ramiz Tağıyevdən yox, həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasından qisas almaq yollarını düşünür.

Diletantları başınızdan qovun

Cənab nazir bilməli idi ki, Azırbaycanın Milli Təhlükəsizlik xidməti kmi mühüm sahəyə peşəkarları cəlb etmək lazımdır və millətin ən mühüm qayğısı olan təhlükəsizlik probleminə diletantları yığıb saxta raportlar verməklə özünün təhlükəsizliyi üçün belə problemlər yaradır. Mən az şübhə edirəm ki, Eldar Mahmudov, yəni hörmətli Milli Təhlükəsizlik naziri də azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır və buna görə də, Azərbaycan xalqının milli təhlükəsizliyi istiqamətində buraxılmış hər hansı boşluqdan gələn zərbə onun özünə də dəyə bilər. Çox təəssüf ki, Eldar Mahmudov, yəni Azərbaycan Milli Təhlükəsizlik naziri rəhbərlik etdiyi İdarəyə bu cür mənasız kadrları yığıb. Bütün oxucuları əmin edirəm ki, bu yararsız kadrların vasitəsilə hətta rüşvət də yığmaq olmaz və hər hansı « pripiskanı » da həyata keçirmək olmaz. Məsələn, məlumat üçün Eldar Mahmudova bildirmək istəyirəm: Ramiz Tağıyev «Hilalgeyt əməliyyatı» ərəfəsində MTN əməkdaşlarından 1350 ABŞ dolları aldığını söyləyir. Hörmətli naziri və «Azadlıq«ın bütün oxucularını əmin etmək istəyirəm ki, həmin əməliyyat üçün ən azı, 7-8 min ABŞ dolları silindiyi barədə daxili raport verilir. Heç olmazsa, bu pulların necə, hansı bəndlər üzrə və kimlərin vasitəsilə mənimsənildiyini öyrənin.

Mən sizə yaxşılıq etdim və sizdən pislik gözləmirəm

Bu, bir Azərbaycan vətəndaşının, yəni yazı müəllifinin tövsiyyələridir. Ən azı, bundan sonra bu tövsiyyələrin müəllifinə qarşı xüsusi əməliyyatlar keçirmək barədə düşünməyin. Çünki, bu tövsiyyələr yeni fəaliyyət sahəsi üzrə işə başlayan milli xəfiyyələrimiz üçün dəyərli «yol xəritəsidir». Sizə yaxşılıq edənlərə qarşı pislik etməyin. Bunu nankorluq kimi qiymətləndirmək olar və güman edirəm ki, Azərbaycanın Milli Təhlükəsizlik naziri və ya bu ranqdan olan hər hansı başqası ən azı, nankorluq kimi neqativ xüsusiyyətin daşıyıcısı olmamalıdır.

“Azadlıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.